“Səfirlikdə gizlənən insan” epiteti - Deputat

13:33 16.02.2026
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin iki cümləlik cavabı, düşünürəm ki, Emin Hüseynovun və onunla eyni mövqeni paylaşan şəxslərin ciddi ictimai-siyasi zərbə almasına bərabərdir”.

Bu fikirləri Hafta.az-a deputat Elçin Mirzəbəyli Azərbaycanın Birinci vitse-prezidentinin Avropada jurnalist Emin Hüseynova verdiyi və geniş müzakirələrə səbəb olan cavabla bağlı açıqlamasında səsləndirib.

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyev ilə birlikdə Almaniyaya səfəri zamanı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində maraqlı bir epizod yaşanıb. Avropada yaşayan jurnalist Emin Hüseynov “Azərbaycanda demokratiyanın durumu” ilə bağlı sual ünvanlamaq istəyib. Birinci xanım Azərbaycan dilində səslənən sualı eşidərək dayanıb, geriyə çevrilib və ona cavab verib. Mehriban Əliyeva həmin şəxsə müraciətlə bildirib: “Siz qadın paltarında səfirlikdə gizlənən insansınız. Sizə cansağlığı arzulayıram.”

E.Mirzəbəyli deyir ki, “qadın paltarında səfirlikdə gizlənən insan” ifadəsi Emin Hüseynovun xaricdən idarə olunan bir fiqur olduğu barədə iddiaları gücləndirməklə yanaşı, onun davranışına siyasi qiymət verilməsi kimi də dəyərləndirilə bilər. Onun sözlərinə görə, “Səfirlikdə gizlənən insan” epiteti Emin Hüseynovun kimlər tərəfindən istiqamətləndirildiyi, hansı dairələrlə əlaqəli olduğu barədə müzakirələrə işarədir və onun ifşa olunduqdan sonra başqa məkana sığınmasını simvolizə edir.

“"Qadın paltarında" sözləri isə Emin Hüseynovun məsuliyyətdən yayınmaq üçün müxtəlif vasitələrə əl atdığını ifadə edən siyasi metafora kimi qəbul oluna bilər. "Sizə cansağlığı arzulayıram" ifadəsi isə yüksək mədəniyyətə və mənəvi dəyərlərə malik Azərbaycan qadınının davranış nümunəsidir. Bu yanaşma həm humanist mövqeni, həm də etik çərçivəni qorumaq baxımından diqqət çəkir”, – deyə deputat bildirib.

Tahirə Qafarlı